12 Ağustos 2016 Cuma

Haqqımda

BISMILLAHIR RAHMANI RAHIM
SALAM ELEYKUM hər kəsə. Bu mənim ilk yazım olacaq. Bunun üçün də ilk yazımda əvvəl özümü təqdim edəcəm.
Mənim adım Aynurdur. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və kebernetika fakultəsinin məzunuyam. 21 yaşım var. Bakı şəhərində yaşayıram. Hal-hazırda işləyirəm. Oxumağı, araşdırmağı çox sevirəm. Vaxt tapdıqca təlimlərdə, seminarlarda iştirak etməyə, yeni insanlara tanımağa çalışıram. Məni blog yazmağa həvəsləndirəndə Aynur Orucova nın "Online qazanc" adlı seminarı oldu. İlk dəfə blog yazmaq sevdasına onda düşmüşdüm. Sadəcə çox da risk eləyə bilmirdim. Ancaq daha sonra Wowoman nin təşkil etdiyi "Xoşbəxtlikdən Harmoniyaya" adlı seminarda iştirak etdim, seminarın təlimçisi Hello Kişi blogunun yazarı Şəbnəm idi. Bu seminar deyə bilərəm ki, bütün həyatımı dəyişdi. Daha doğrusu, həyata baxışımı... Orda öyrəndiklərim mənə çox təsir etdi. Və ən əsası Şəbnəm xanımın, bütün Wowoman kollektivinin aurası mənə o qədər gözəl təsir bağışlamışdı ki, bunu dəyərləndirməyə qərara verdim.
Həmin gündən sonra mən də insanlara motivasiya vermək, onlarda olan o mənfi enerjini müsbət enerjiyə çevirmək və ən əsası insanların özgüvənini artırmağa kömək edə bilmək üçün blog yazmağa qərar verdim. Blogumda daha çox motivasiyalandıran şeylərdən danışacam. Eyni zamanda şəxsi inkişafını artırmaq üçün bildiyim və ya oxuduğum kitabları, məlumatları yazacam və bu yöndə bildiyim hər şeyi sizlərlə bölüşəcəm.
Bu ilk yazım olduğu üçün çox həyəcanlıyam və təcrübəsizəm, amma inanıram ki, çox yaxın gələcək yazacaqlarımla bu yazım arasında çox böyük fərq olacaq. Ona görə də hər hansı qüsurlarım olarsa da üzrlü hesab eləyin və sizlər də mənim bu yolda inkişaf edə bilməyim üçün dəstək olun, səhvlərimi, yalnışlarımı deyin ki, birgə öyrənək, inkişaf edək İN ŞA ALLAH))
Başlamaq bitirməyin yarısıdı. Əsas odur ki, insan özünə güvənsin və məqsədyönlü olsun və də qorxmasın.
Hər birinizin xoşuna gələcəyinə ümid edirəm))

İmtahan stresindən azad olun


Bu dəfə sizə imtahnda stres keçirməyin, təsirlərindən və bunlardan xilas olmağın yollarından danışcam və eyni zamanda öz təcrübəmi bölüşəcəm. Qısacası mən etdim siz etməyin deyə))
Deməli, mən iki il çox əziyyət çəkdim, çox oxudum həm də elə belə deyil dəlicəsinə oxudum. Və nəticəsini gördüm) Çox şükürlər olsun))) Amma bu sırada bir şeyi unutdum ki, mən insanam, hər şeydən əvvəl mən bir qızam. Elə zənn eləyirdim ki, həyat sadəcə bundan ibarətdir, mən yalnız universitetə qəbul olmalıyam. Fikirləşirdim ki, əgər qəbul olmasam, mən bitdim, bu sondu. Hətta pis yazsam, özümü necə intihar edəcəyimi dəə düşünmüşdüm)) Özümə baxmırdım həm də heç. Düşünürdüm ki, mən 5 dəqiqəmi ayırıb saçımla oynamasam, qurtardı, mən kəsildim. Bir sözlə, özümü hər şeydən təcrid etmişdim.
Və nəhayət, o gün gəldi. Çox həyəcanlı və stresliydim. İmtahana girdim. Stersli və həyəcanlı olmağım sözsüz ki, təsir etdi. Bir anlıq özümdə anlamadan necəsə oldu kodlaşmada səhv etdim(sürüşdürdüm). O an nələr yaşadım bir ALLAH bilir. Sadəcə ona sevinirəm ki, ürəyim dayanmayıb)) Çıxanda gördüm ki, bu qədər ildi keçirdiyim stres sadəcə 3 saatdan ötrü imiş)
3 saat deyib keçdiyimə baxmayın. Bu o 3 saatdı ki, insanın həyatına yön verir, onu dəyişir. Amma qəbul olmasan bu son deyil.  Bunu hər kəs anlamır, xüsusilə dəə valideynlər. Böyüklər də həmişə belə bir psixologiya var (əksəriyyətində) övladlarının başqalarıyla müqayisə edir və onların başqalarına bənzəməsini istəyir. Filankəsin qızı qəbul oldu, sən dəə olmalısan, camaatın üzünə necə baxacıq, Hazırlıqlara bu qədər pul tökmüşük və.s bu tipli şeylərlə onları sıxırlar. Və insanda elə bir təəssüratı yaradırlar. Amma hər kəs özünün nəyə qadir olduğunu bilir. Siz əgər bunu bacaracağınızı düşünmürsünüzsə, onda bunu onlara anlatın. Yox məni başa düşməyəcəklər, onlar istədiyini etmək məcburiyyətindəyəm desəz, bəlkə də ömür boyu bunun peşimanlığını çəkəcəksiniz. Özünüzü heçnədən məhrum etməyin. Demirəm bütün gün gəzin, əylənin, dərsləri boşlayın. Sadəcə istirahətinizi düzgün edin, özünüzə vaxt ayırın, xüsusən qızlar özünüzə baxın, nə olsa daa bir qız olduğunu unutmayın.
Mən 2 il demək olar ki, heçnə etmədim, sadəcə oxumaqdan başqa. Artıq imtahanı verib bitirəndən sonra bir dəfə şəhərə çıxdım gördüm ki, Bakı nə qədər dəyişib)) Onda anladım səhv etdiyimi. 2 il özümü hərşeydən təcrid etmişəm. Amma inanın ki, boş bir şeydi. Sizə bacımı misal çəkim. Heçnəyindən qalmırdı, oxumaq desəz onun evdə oxuduğunu görməmişdim yalnız hazırlıqlarda oxuyurdu, amma ona görə çox çox yaxşı bir balla da qəbul oldu)) Yəni son sözüm odur ki, heçnə dünyanın sonu deyil, əsas özünüzə və sevdiklərinizə vaxt ayırın və sevdiyiniz şeyi seçin, onda inanın ki, hərşey daha gözəl olacaq.
Son olaraq imtahan stresindən necə azad olmaq olar:
1) ALLAHA çoxlu dua et.:)
2) Çox düşünmə, axarına burax onsuz daa nə olacaqsa olacaq(təbii ki, bu o demək deyil ki, oxuma, oxu amma özünü öldürmə:) )
3) Heç kəsin dediklərinə baxma (bəzi paxıllığını çəkənlər motivasiyanı düşürmək üçün çox şey deyə bilərlər)
4) Özünə güvən (biliyinə, savadına, əziyyətinə güvən)
5) İstədiyinsahə üzrə get (çünki o halda daha həvəslə çalışacaqsan, dörd əllə sarılacaqsan)
Hər birinizə bütün həyatınızda uğurlar, istər iş, istər dərs, istərsə də şəxsi həyatınızada. Bunu unutmayın ki, heçnə sizdən, sizin sağlamlığınızdan, sizin xoşbəxtliyinizdən önəmli deyil...

STİV COBSUN HƏYATI

Həyatda hər bir insanın arzuları olur. Hələ lap uşaqlıqdan başlayaraq hər birimiz gələcək haqqında arzularımızı, planlarımızı dilə gətiririk. Sözsüz ki, bu arzular hər zaman stabil qalmır. Tez-tez dəyişir. Ta ki biz özümüzü tam olaraq tanııyana, həqiqətən də nə istədiyimizi anlayana qədər. Və bundan sonra artıq biz cəhdlərə başlayırıq. Təbii ki, bir çoxlarımız bu mərhələyə qədər də bir çox sınaqlardan keçirik. İstəmədiyimiz işlərdə çalışırıq, sanki bizim olmayan həyatı kimdənsə nə vaxtsa qaytarmaq şərtilə borc alıb yaşayırıq.
Bir işə başlarkən qarşıda duran ən qlobal məsələ, özünə güvənmək və bu iş üçün ilk cəhdi etmək. Təbiidir ki, ilk cəhd hər zaman uğurlu olmur. İlk addımdan daha vacib olan isə ilk yıxıldığında yenidən ayağa qalxa bilməkdir. Çünki əgər bunu bir dəfə bacarmısansa, təkrar-təkrar yenə bacara bilərsən. Ona görə hər zaman özünə güvən və sevdiyin, həvəsli olduğun bir işin dalınca get və heç zaman məğlubiyyəti qəbul edib mübarizəni dayandırma. Bax ondan sonra qazanacağın qələbənin dadı bir başqa olur. Məncə, bunu yaşamağa dəyər :) Hər birinizə bu qəbələbəni yaşamağı arzu edirəm.

İndi isə əsas mövzuya keçək. Bir işdə ilk cəhddən sonra uğursuz oldunsa, ümidsizliyə qapıldınsa, o zaman  bir sıra insanlar var, hansının ki, həyatını oxumağını tövsiyyə edirəm. Ondan sonra görəcəksən ki, onlar dünyanın ən varlı, ən tanınmış şəxsləri oluncaya qədər necə çətin bir perioddan keçiblər. Amma əsl məsələ odur ki, heç zaman mübarizədən vaz keçməyiblər və nəticə onu göstərib ki, həqiqətən də bu qədər əzaba, çətinliyə dəyərmiş. Bu cür şəxslərdən biri bir çoxlarımıza yaxşı tanış olan Stiv Cobsdur. Oun  həyatına nəzər salsaq biz bunu daha yaxşı görəcəyik.
1. Əsl adı Stiven Paul Cobs olan bu şəxs 24 fevral 1955-ci ildə amerikalı Coan Karol Sşiebe və suriya əsilli Əbdülfəttah Con Jandalinin evliliyindən dünyaya gəlmişdir. Həmin dövrlərdə Cobsun bioloji anası Coan tələbə olduğu üçün uşağa baxa bilmirdilər və onu doğumundan cəmi 1 həftə sonra Pol və Klara Cobsa övladlığa verdilər. Bu isə Cobsun gələcəkdə quracağı kariyeranın, yaşayacağı həyatın ilkin işartısı oldu. Çünki Pol Cobs bir mexanik idi və Stivə bunu öyrədirdi, yəni o hələ uşaq yaşlarından texnologiya ilə tanış olmuşdu.
2. Stiv Cobs orta təhsilini Kaliforniya şəhərində yerləşən Homestead High School məktəbində alır. Eyni zamanda yaxın dostu Voznyakla birgə mövsimi işlərdə də çalışır. Dostlarıyla birgə qaldığı yataqxanada yerdə yatır. Boş şüşə toplayıb sataraq çörək pulu qazanır. Sonralar İnc şirkətində çalışmağa başlayır. Sonda ona vəd edilən 5 min  dollar əvəzinə 7 yüz dollar alır.
3. 1976-cı ildə dostu Voznyak və Ronald Ueynlə birlikdə Apple şirkətini qururlar. Apple şirkəti komputer istehsalı ilə məşğul olurdu. Şirkət getdikcə genişlənməkdə davam edirdi. Apple II isə xüsusi marağa səbəb olmuşdu. Və şirkət yeni təcrübəli menecer, idarəçi axtarışına çıxdı. Pepsi-Cola şirkətindən Con Skullini, National Semiconductor şirkətindən  Maykl Skott kimi təcrübəli şəxsləri cəlb etdi. Lakin bir müddət sonra vəziyyət bir qədər gərginləşdi və direktorlar şurasının iclasında verilən qərara görə Stiv Cobs Apple şirkətindən uzaqlaşdırıldı. Hər şərdə bir xeyir var prinsipiylə düşünsək yeridir. Çünki məzh bundan sonra artıq Cobs özünün  Next şirkətini qurur.
4. 1996-cı ildə Apple Next şirkətini alır və Cobs müvəqqəti CEO olaraq Apple-da çalışmağa başlayır. Özü də cəmi 1 dollar qarşılığında. Lakin onun uzaqgörənliyi və yüksək marketoloq zəkası sayəsində tez bir zamanda o, böyük nailiyyətlər əldə edir.
5. Ömrünün sonlarına doğru xərçəng xəstəliyindən əziyyət çəkən Cobs 2011-ci ilin 5 oktyabr tarixində həyatdakı mübarizəsini dayandırır.
Bu məqaləni yığcam şəkildə yazmağa çalışdım. Tək məqsədimsə bütün çətinliklərə rəğmən öz arzularından vaz keçməyən birinin həyatıyla sizləri qısaca tanış etmək idi. Bilin ki, bu cür insanlar var və onlar bacarırsa, sizdə bacaraqsınız. Ümidinizi heç vaxt itirməyin.
Daim Xəyallarınızın ardınca gedin, bezmədən, usanmadan. Bilin ki, əziyyəttləriniz mütləq işə yarayacaq. Səyləriniz cavabsız qalmayacaq.
PS: Növbəti yazılarımda Cobs haqqında maraqlı məlumatlardan yazacam.))

Depressiyadan xilas olmanın yolları



Hər birimizin həyatında sıxıntılı dönəmlər olur. Bəziləri bunla mübarizə aparmaqçün müxtəlif yollardan istifadə edirlər. Amma təəssüflər olun ki, çoxları bunu bacarmır. Ən xırda çətinlik də belə hər şeydən əllərini üzüb, dünya ilə bağlantılarını kəsirlər. Özlərini həyatdan, cəmiyyətdən təcrid edirlər. Bu da müəyyən zamandan sonra artıq vərdiş halını alır və onlar bununla barışırlar, artıq qəbul edirlər ki, onlar bu vəziyyətə məhkumdurlar və bir də heç zaman bundan xilas ola bilməyəcəklər. Lakin heç nə son deyil. Bir qədər "klişe" olsa da "həyatda sadəcə olanla, ölümə çarə yoxdur". Ona görə də həyatda heç vaxt mübarizəni dayandırmamalısan, çünki bu sənin zəifliyinin göstəricisi olar. Mənim həyat devizim budur:
"Həyatda  həll olmayan heç bir problem yoxdur. Və sadəcə bilmək belə, onun həllinə zəmin yaradacaqdır."
Sizə də məsləhət görərdim ki, bu cür düşünün. Problemlərin sizi sıxmasına izn vermiyin. Unutmayın ki, hər şeydən çox daha böyük ALLAH var. Və ALLAH bizə daşıya biləcəyimizdən artıq yük vermir. Hər şey bir kənara da insan ən sıxıntılı anın da təkcə RƏBBİNdən kömək diləsə, xeyirlisi diləsə, onun olmamaq kimi bir şansı qalmayacaq))
İndi isə bunun psixoloji tərəflərinə baxaq. Psixoloqların bununla bağlı bir sıra tövsiyyələrini qeyd edək:
1) Özünüzü xoşbəxt edəcək şeylər edin. Bunun üçün özünüzə vaxt ayırın (gün ərzində ən azı 1 saat).
2) Sevmədiyiniz şeyləri bir vərəqə yazıb onu yandırın.
3) Sizə yaxşı gələcək dostlarınızla, yoldaşlarınızla vaxt keçirin.
3) Bu cür anlardan insana dərman kimi təsir edəcək ən yaxşı vasitə dəyişiklik etmək. Yeniliklərə açıq olun. Yeni insanlarla tanış olun, saç düzümünüzü dəyişin, evdə yeniliklər edin(əşyaların yerini dəyişin, yenilərini alın, gözünüzü, ruhunuzu yoran hər şeydən uzaq olun)
4) Gəzin (əasasən təbiətin qoynunda gəzməyə üstünlük verin, çünki gözəl mənzərə insanın fikrini dağıdır, insanı fərahladır), fikrinizi yayındıracaq məşğuliyyətlər tapın, yeni nəsə öyrənməyə çalışın.
5) İdmanla məşğul olun (ən yaxşısı isə boks;))
6) Yoga və ya meditasiya edin. Sadəcə gözlərinizi yumub xəyallarınızın gerçəkləşdiyini düşünün.
7) Rəqs edin, musiqi dinləyin.
Bir sözlə, sizə yaxşı təsir edəcək bütün şeyləri edin. Amma ən əsası onu unutmayın ki, hər şey insanın özündə, öz beynində bitir. Əgər insan nə qədər bəd düşüncəlidirsə, beynində yenə də özünün yaxşılaşdığını qəbul etmirsə, onda o heç vaxt bundan qurtula bilməz. Hər zaman dolu tərəfindən baxmağı bacarın.
Onu yadda saxlayın ki, həyatda heçnə sizin sağlığınızdan önəmli deyil.
Hər birinizə sevgi dolu, motivasiya dolu, gözəəəəl bir həyat diləyiylə...
#depressiya 

CV-nin yazılma qaydaları



Son yazılarım əsasən işlə bağlı olub. Təbii ki, istər könüllü kimi, istərsə də ödənişli fəaliyyət göstərmək istəyirsinizsə, əvvəlcə müəyyən qurumlara cv-lər göndərməlisiniz. Çünki sizin cv-niz sizin haqqınızda ilkin qiyabi təsəvvür yaradır. Yəni sizin cv-nizi oxuyan şəxs müəyyən qədər sizin necə bir insan olduğunuzu, məqsədlərinizin nə olduğunu öyrənir. Ona görə də cv yazarkən daha çox iş fəaliyət sahənizlə əlaqədar məlumatlar verin. Əgər hansısa bir təcrübəniz olmayıbsa daha öncə onda bu işi nə qədər istədiyinizi, ona ehtiyacınızın olduğunu və ən əsası bu işin öhdəsindən gələ bilmə imkanlarınızın olduğunu qeyd edin. İndi isə bildiyim qədər bunları sadalayacam.
  1. Əvvəlcə özünüz haqqında qısa məlumat (təvəllüdünüz, harada yaşayırsınız, telefon nömrəniz, mailiniz və.s)
  2. Harda təhsil almısınız (orta məktəb, bakalavr, magistr və.s)
  3. Daha öncə hansısa bir təcrübəniz varsa, mütləq qeyd etməlisiniz (istər könüllü, istər ödənişli)
  4. Hansısa təlimlərdə, seminarlarda iştirak etmisiniz, sertifikatlarınız varsa, qeyd edin
  5. Dil bilikləriniz (çünki hər harlda sizlə eyni işə müraciət edib dil biliyi olan şəxslərə üstünlük verilir)
  6. Komputer bilikləri (əsasən Microsoft Office proqramları, əlavə bilikləriniz də sizin üçün artıdır)
  7. Bacarıqlarınız (dövlət işində bu o qədər də önəmli deyil, əsasən könüllülük üçün müraciət edirsinizsə, belə bacarıqlarınızın olması arzuolunandır)
  8. CV yazarkən rəqəmlərdən daha çox istifadə etməyə çalışın, çünki rəqəmlər daha diqqət çəkici olur, söz yığınının içərisində tez diqqət çəkir
  9. Yalnış məlumatlar qeyd etməyin. Lakin məlumatı çox yox, birazca "şişirdə")) bilərsiniz, çünki nəzərə alın ki, vakansiya elan edən şirkət, hər hansı qurum da qoyduğu tələbləri dolayı yolla şişirdir ;)
  10. Əgər referanslarınız varsa, onları da mütləq əlavə edin
  11. Və ən əsası müraciət nməktubu. Çünki cv-lərə baxan şəxslər əsas diqqəti bura yönləndirir. Bu məktub bir növ işçiylə işəgötürən arasında körpü rolunu oynayır. Orada məqsədlərinizi qeyd edin. Bu işi cani könüldən istədiyinizi, burda işə başlayacağınız təqdirdə şirkətə nələr verə biləcəyinizi, ən əsası hər dəfəsində özünüzə güvəndiyinizi, yəni mən bunu "bacararam" yox da "bacaracam" kimi qeyd edin.
Unutmayın ki, cv-niz sizin işə dəvət biletinizdir. Ona görə də bacardığınız qədər cv-nizi daha dolğun yazmalısınız. Hamınıza hansı işlə məşğul olacağınızdan asılı olmayaraq, qərarlı, "gözü qara" olmağınızı arzu edirəm. Uğurlar!!!

Hər kəsin oxuması vacib olan 7 kitab

Özünü inkişaf etdirmək istəyənlər hər zaman axtarışda olurlar. Daim nəsə öyrənməyə, yeni məlumatlar əldə etməyə can atırlar. Öyrənmənin ən uğurlu yollarından biri də çoxlu kitablar oxumaqdır. Əsasən də özünüinkişaf kitablarını oxumaq daha məsləhətlidir. Mən aşağıda məsləhət görülmüş 7 kitab yazacam. Hansı ki, əgər özünüzü həqiqətən də həyatda uğurlu bir insan olmaq istəyirsinizsə, bu kitabları oxumaq sizə çox faydalı olacaq və gələcəyinizi planlaşdırmaqda sizə istiqamət verəcək.


 1) NAPOLEON HİLL     DÜŞÜN VƏ VARLAN -Bu kitabın hər fəslini, hər səhifəsini oxuduqca həyatda pul qazanmağın yollarını öyrənəcək, zəngin olmağın sirrlərinə yiyələnəcəksiniz. Kitabı oxuduqca nəinki pul qazanmağı, hətta onu artırmağı və öz potensialınızı inkişaf etdirməyi öyrənəcəksiniz.
2) MÜMİN SEKMAN      HƏR ŞEY SƏNİNLƏ BAŞLAR -"Həyatda ya tozu dumana qatarsan, yada tozu dumanı udarsan. Seçim sənindir." şüarı altında bizlərə uğur qazanmağın yollarını öyrədir. Burada uğursuzluğa uğrayıb da necə uğur qazana biləcəyimizi bizlərə analadır.
3) JEFFREY  J.FOX      NECƏ BÖYÜK RƏHBƏR OLMALI - İndiki dövrdə şirkətlərdə gəlir əldə etmək üçün ən başlıca şey şirkət işçilərinin birliyi və şəxsi mənafe uğurunda deyil də şirkətin mənafeyi uğurunda çalışmasıdır. Bu birlik hissini işçilərə təcrübəli və ağıllı rəhbər aşılaya bilər. Elə sizə məsləhət gördüyüm bu kitab gələcəkdə rəhbər vəzifəsində çalışmaq istəyənlər üçün yol göstərəcək ideal kitabdır.
4) ROBİN SHARMA      FERRARİSİNİ SATAN RAHİB - Bu kitab insanı həyatdan zövq alaraq bolluq, sevinc, cəsarətli yaşamağa ruhlandıran bir kitabdır. Kitabın qəhrəmanının həyat hekayəsiylə tanış olduqca həyatın gözəlliklərinin fərqinə varmaöa başlayacaqsınız. Bu kitab sizə həyatı daha mənalı yaşamağı öyrədəcək.
5) ROBERT KİOSAKİ & ŞERON LEKTOR      VARLI ATA KASIB ATA - Bu kitabda hər iki müəllif öz təcrübələrini bölmüşdür. Bu kitabda onlar varlanmağın sirlərini, daha yaxşı şəraitdə yaşamağın formulasını öyrədirlər.
6) COŞQUN KƏRİMOV     KVAN - Bu azərbaycanlı yazıçı, təlimçi Coşqun Kərimov tərfindən yazılmışdır. Kitabı oxuduqca insanda yüksək motivasiya yaradır. Kitab insana həyatında nə qədər çətinliklər yaşasan da mübarizəni dayandırmamağı öyrədir. Bir sözlə, insanı əsl KVAN hissini yaşamağa həvəsləndirir.
7) BRAYAN TREYSİ     BƏHANƏLƏRƏ YOX! - Elə kitabın üz qabığında bir cümləylə kitab anlatılır: Bu kitab böyük işlər görən uğurlu adam olmağınızda sizə bələdçilik edəcək.
Bunlarla yanaşı bu insanların həyatlarıyla da yaxından tanış olmağınızı məsləhət görərdim. Bu belə sizi motivasiya etməyə kifayət edəcəkdir.
Hər birinizə KVAN hissini yaşamağı arzu edirəm :)

İş görüşmələri

Bu dəfə də iş görüşmələrindən danışacam. Daha doğrusu, öz başıma gələn bir hadisəni paylaşacam.
Universitet bitdi və artıq iş axtarmağa başlamışdım. Çox yerə müraciət etmişdim, düzdü çoxu könüllülük olsa da arasında ödənişli müraciət etdiyim vakansiya da vardı. Və imtahan sessiyasının sonuna qədər gözləməliydim. Amma gözlədiyim işdən bir xəbər çıxmadı. Həmin vaxtlar başqa bir təklif gəldi, yəni "tanışlıqla" işə düzələcəkdim.

Və nəhayət, həmin gün gəldi və idarəyə getdim. Tadamm ilk zərbə... HR xanım cəmi bir neçə dəqiqə məni gördü (heç onla danışmamışdım) və mənim haqqımda olan o möhtəşəm fikrini dedi: "Səndən gözüm su içmədi. Sən işləyən deyilsən." Təbii ki, Asan Xidməmətin və Wowoman;n müsahibələrindən sonra bu mənimçün çox ciddi zərbə oldu. Çünki axı öyrəşmişəm motivasiyaedici sözlərə. Təcrübəmin olmadığını özüm bilirəm, amma yenə də həmişə mənə motivasiya veriblər. Burda isə ilk dəqiqələrdəcə zərbəni yemişdim. Və məndən gələn möhtəşəm cavab:
-Siz hər gələn yeni işçiyə belə motivasiya verirsiniz? Siz axı məni nə tanıdınız ki, haqqımda belə qərar verdiniz (kifayət qədər emosional)?
Məndən təbii ki, bu reaksiyanı gözləmirdi və ortamı yumşaltmağa çalışdı. Öz "təcrübəsindən" danışdı. Gülək deyək və təbii ki, məndə "tık" yox. Amma sözsüz ki, tapşırılmış olduğumu bilirdi və işə götürməmək kimi bir şansı yoxdu, lakin kim tərəfindən tapşırıldığımı bilmirdi. Qapıdan çıxanda verdiyi məsləhət
-Sən yenə də işini gör. Fikir vermə.
Və mənim bir qədər dominant və özündənrazı cavabım
-Əşşi mən özümə güvənirəm )))
Eyni dominantlıqla aldığım kinayəli cavab:
-Mən indi doğrudan deyə bilərm ki, siz həqiqətən işləyəcəksiniz (kinayəli olduğu üçün bunun tam əksini demək istədi :) )
Artıq işə başlamışdım bəzi sənədləri yığıb yenidən HR xanımın qəbuluna düşməliydim. İş yerinə qayıdanda HR xanıma bir ultimatum getdi: Sən bilirsən bu qız kimin qızıd? Və hər şey aydınlaşdı. Artıq məndən yaxşısı yoxdu) Amma mən işimi işləyirəm və onlara bunu sübut edəcəm. Buna inanıram. İN ŞA ALLAH :)
Amma açığı heç vaxt istəməzdim ki, işə girəndə tapşırılım.
Sözümün canı odur ki, işə düzəlmək indi çətindir və bunun üçün müəyyən məbləğdə pul ödəniliməlidi. Amma mən heçnəsiz "tanışlıqla" düzəlmişdim. Kimsənin günahını almaq istəmərəm, amma yəqin ki, bu HR xanımın xoşuna gəlməyib. Eybi yoo)
Yəni bu işim "tapşırıqla" da olsa ilk vaxtlardan motivasiyamı sıfırlamışdılar. İndi mənimçün önəmli deyil ki, tapşırılmışam ya yox. Sadəcə mənimçün önəmli hər kəsə bunu sübut etməkdir. Bunu bacaracam İN ŞA ALLAH
Bir sözlə, hara gedirsizsə gedin, xüsusən də dövlət işlərində heç kəs sizin başınızı oxşamayacaq. Nə olursa, olsun əgər özünüzə güvənirsinizsə, yolunuzdan dönməyin və ən əsası bu işi həqiqətən istəyirsinizsə. Bu yaxınlarda iştirak etdiyim və təlimçisi Coşqun Kərimov olan seminarda eşitdiyim cümləni demək istəyirəm:
Başqa insanın sizinlə bağlı fikri sizin həqiqətə çevrilməməlidir!!!
Başqaları bilib-bilmədən sizin haqqınızda çox şey deyə bilər. Amma unutmayın ki, o şəxs sizi sizin qədər yaxşı tanımır. Özünüzə güvənin və bu güvəni kimsənin yox etməsinə icazə verməyin.
Və Barzilya yazıçısı Paulo Coelhonun bu sözünü yaddan çıxarmayın:
Yalnız günəşli günlərdə irəlilərsəniz, hədəfə çata bilməzsiniz!!!
Hər birinizə uğurlar.

Könüllülük üçün müsahibələr

Keçən yazımda əsasən tələbələrə məsləhətim könüllü kimi fəaliyyət göstərmələri idi. İlk öncə könüllülük üçün müraciət etdiyiniz yerlərdə sizdən götürüləcək müsahibələrdən danışım. Bu müsahibələr zamanı soruşulan suallar əsasən psixoloji suallar olur, yəni sizin texniki bilikləriniz soruşulmur adətən.
Məsələn, başlayaq  Asan Xidmət (facebook adresi) mərkəzindən başlayaq. Əvvəla onu qeyd edim ki, bu bir dövlət müəssisəsi olduğundan burada ciddiyyət daha da önəmlidir. Yəni sizin danışığınızdan tutmuş, içəri girərkən icazəsiz oturmağınıza kimi fikir verilir.
1)  Müsahibəyə çağrıla bilməyiniz üçün əvvəlcə bu vakansiyaya üçün  Cv göndərirsiniz. Onu qeyd edim ki, cv göndərən heç kəs əliboş qayıtmır. Ona hökmən müraciət olunur. Lakin bu cv göndərildikdən bir müddət sonra sizə müraciət edilə bilər ki, bu müddət də bəzən kifayət qədər çox olur. Bu 1 və ya 2 həftə, 1 ay, hətta bir neçə aya qədər uzana bilir. Mən öz təcrübəmə görə deyə bilərəm ki, mənim cv mə cavab hardasa 3 həftə sonra verilmişdi.Ona görə də narahat olmayın.
2) Görüşməyə gedərkən çalışın səliqəli geyinəsiniz. Çox göz yorucu geyimlərdən istifadə etməyin. Sadə köynək və şalvar kifayət edir. Saçınız çalışın düzənli olsun. Görüşmələrə çalışın gecikməyəsiniz, hətta vaxtından biraz tez gedəsiniz (5-10 dəqiqə).
3) Getməzdən əvvəl Asan Xidmət haqqında ümumi və getdiyiniz Asan Xidmət haqqında məlumat toplayın. Nə vaxt yaradılıb, nəyə xidmət edir, direktorların adı, iş qrafiki, onun gördüyü işlər haqqında məlumatlı olun, əgər Asan Xidmətin hər hansı layihəsində əvvəllər iştirak etmisinizsə, onu xüsusi qeyd edin. Bundan başqa Asan Xidmət könüllüləri üçün təlimlər keçirilir ki, onlar haqqında məlumat toplayın və o cür təlimlərin sizə xeyirli olacağını və sizin də o təlimlərdən faydalanmaq istədiyinizi bildirin.
4) Müsahibə zamanı sizin ümumi intellektinizi və şəxsi inkişaf haqqqında fikirlərinizi yoxlamaq üçün də suallar verilə bilər. Ən böyük arzunuz, uğurunuz nədir, 5 il sonra özünü harada görürsünüz, bizə nə verə bilərsiniz və.s tipli suallar verilir. Daha sonra ölkədəki siyasi, iqtisadi vəziyyət haqqında da çalışın məlumatlı olun. Çünki bu haqda da suallar verilir. Sualları cavablandırarkən çalışın özünüzə inamlı olun. Hələ fikirləşməmişəm, hələ ki, indini düşünmüşəm, bundan sonranı planlaşdırmamışam kimi şeylər deyərək, özünüzü zəif kimi göstərməyin.
Asan Xidmət mərkəzlərinə könüllü kimi müraciət edənlərin əksəriyyəti qəbul olunur. Onu qeyd edim ki, bu mərkəz sizə kariyeraya dair elə də çox şey öyrətmir. Siz ancaq təşkil olunmuş təlimlər zamanı nəsə öyrənə bilərsiniz. Sizin əldə edə biləcəyiniz ən vacib şey kollektivlə işləmək bacarığınızı inkişaf etdirmək, müəyyən qədər təşkilatçılıq qabiliyyətinə yiyələnmək olacaqdır.
İndi məlumat verəcəyim mərkəz isə yalnız qadınların şəxsi inkişafı, ilhamlanmaları və motivasiyası üçün yardılmışdır. Bu Wowoman cəmiyyətidir. Mən deyərdim ki, bura qadınlar üçün çox ideal bir mərkəzdir. Başqa işlərdən nə vaxtsa, bezə, təngə gələ bilərsiniz, amma bundan yox. Çünki burda o qədər gözəl ab-hava var ki, sözlə deyiləcək kimi deyil. Bu haqda danışmışam. İndi isə Wowoman müsahibələrinə gələk. Bu zaman verilən suallar sadəcə xanımların şəxsi inkişafı ilə bağlı suallar olur. Adətən psixoloji xarakter daşıyır. Orda təcrübə önəmlidir, lakin sizin həvəsli olmağınız daha da önəmlidir.Öz təcrübəm haqqında bir neçə söz deyim. Mən Wowomana müraciət edəndə, heç bir təcrübəm yox idi. Amma o qədər həvəsli idim ki...))) Sonunda qəbul olundum. Və belə bir cəmiyyətin bir üzvü olduğum üçün çox xoşbəxtəm... Və müsahibədə insan özünü o qədər rahat hiss edir ki, nə bir həyəcan, nə stress heçbir şey olmur  insanda))
Digər qurumlar isə AEGEEAİESECYouth İnc kimi qurumlarda daa eyniylə olur.
Ümumiyyətlə, hara müsahibəyə gedirsinizsə, gedin ilk öncə
1) Həmin yer haqqında məlumat toplayın. Bu sizin üçün müsbətdir.
2) Dövlət idarəsidirsə, ciddiyyətə önəm verin. Yəni başqa cəmiyyətlərdə (wowoman kimi) insan özünü daha rahat hiss edir. təbii ki, bu o demək deyil ki, onlara dırnaqarası baxın. Sadəcə o cür cəmiyyətlər əsasən gənclərlə işlədiyi üçün belə olur.
3) Özünüzə güvənin. İnamlı əyləşin onların qarşısında
4) Sərbəst davranın
5) Nə qədər istəkli olduğunuzu onlara hər sözünüzdə çatdırın. Onlarda özünüzə qarşı inam yaradın. Onlara nələr verə bilərsiniz? Bunlardan danışın.
Sonda isə sizə deyəcəyim odur ki, çalışın passiv həyat keçirməyəsiniz. Hər zaman ən azından nəsə öyrənməyə, inkişaf etməyə can atın. Hər birinizə bu yolunuzda uğurlar :)




11 Ağustos 2016 Perşembe

   Sözüm Bakalavrlaradır

Bu yazımi universitetdə hələ də təhsil alan tələbələrə ünvanlayıram. Bir çoxları düşünür ki, o qədər əziyyət çəkdim, hazırlaşdım, gecələr yatmadım, gündüzlər dincəlmədim oxudum və universitetə qəbul oldum. Mənim işim bura qədər idi. Artıq bu 4 ilini dadını çıxaracam, heçnə eləmiyəcəm. Bitirəndən sonra "dayday" tapıb işə düzələrəm. Mənim kimiləri isə özünə yeni problemlər yaradır. Tələbəyəm artıq bütün vaxtımı sərf edib, dəlicəsinə oxuyub zərbəçi, əlaçı olum, yüksək təqaüd alım. Gerisini isə düşünmürük. Və gəlirik 4-cü kursa artıq universiteti bitiririk və ağlımız başımıza gəlməyə başlayır.
Bax onda vəlvələyə düşürük ki, vayyy mən bütün günü evdə otura bilmərəm. Mən iş tapmalıyam. Başlayırıq dəlicəsinə iş axtarmağa. Hansı iş elanının tələblərini oxuyuruqsa yaş 21-30, iş təcrübəsi 1 ildən, 3 ilə qədər. Biz də isə təcrübə sıfır. Daha sonra görürük ki, pul qazanaraq işləmək olmayacaq (təbii ki, "dayday"ı olanlara aid deyil, çünki onların işi elə 4 il əvvəlcədən hazır olur), bax onda başlayırıq, ən əvvəldə eləyəcəyimiz şeyi etməyə. Könüllü kimi harda olur olsun çalışım, bircə təcrübə qazanım. Daha keçib həyata  bir az da gec atılım, gec pul qazanmağa başlayım, amma yetər ki, qazanım.
Bax elə sözüm belələrinədir. Daha doğrusu, gələcəkdə öz işləyib, öz kariyerasını qurmaq, öz ayaqları üzərində durmaq istəyən gənclərədir. Əsasən də xanımlara, çünki oğlanlar çox işdə işləyə bilər, ən azından öz işi quruncaya qədər, amma qızlar üçün bu o qədər də asan deyil.
Məsləhətim odur ki, nə qədər imkanınız var heç nəyi bəhanə etməyin. "İmtahanlarım var", "vaxtım yoxdu", "çatdırmaram", "hələ yaşım azdı, vaxt var", "özümü indidən niyə yorum ki" kimi bəhanələr gətirməyin. İnanın ki, sonra çox peşiman olacaqsınız. Çünki bütün bunları yaşamış biri olaraq, öz təcrübəmi bölüşürəm sizlərlə. Mən universiteti bitirəndə ən çox heyfsləndiyim şey bu olub.
Ona görə də çalışın könüllü kimi fəaliyyət göstərin, hansısa cəmiyyətlərə qoşulun. Bəzi bildiklərimi aşağıda qeyd edəcəm. Nəsə öyrənməyə can atın. Aktiv həyat keçirin. İnanın ki, pulsuz olaraq işlədiyiniz işlər sonrada sizə o qədər xeyir edəcək ki...
WowomanYouth Inc.Aegee-BakıASAN Xidmət və.s kimi cəmiyyətlərə qoşulmağınız daha məsləhətlidir. Xüsusən də xanımlar üçün Wowoman ni məsləhət görərdim. Bu cəmiyyət xanımların inkişafı üçün yaradılmış bir cəmiyyətdir. Sadəcə onu deyyə bilərəm ki, bura müraciət etsəniz heç vaxt peşiman olmayacaqsınız. Motivasiya tavanlardadı. Söhbətin əvvəlindən elə bunu hiss edəcəksiniz)) Hər şeydən öncə şəxsi inkişaf, öz güvəninizi artıracaq.
Və sonda sizlərin hər birinizə gələcək həyatınızda inamla addımlaya biləcəyiniz bir kariyera arzu edirəm. Dediklərimin bir xeyri dəyəcəyini ümid edirəm İN ŞA ALLAH ))